Turizm ətraf mühitə zərər vurmadan, xammal ehtiyatlarına ehtiyac olmadan, yerli relyef və iqlim şəraitinə uyğun, mədəni irs, tarixi, təbii abidələr, yaradılmış və mövcud olan yerli infrasturktur üzərində qurulur. Bu baxımdan Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı vardır.
Belə ki, aşağıdakı göstərilmiş xüsusiyyətlər muxtar respublikada turizmin hərtərəfli inkişafına şərait yaradır:
- əlverişli coğrafi -siyasi mövqeyi;
- müxtəlif iqlim qurşaqları və təbiəti;
- zəngin mədəni-tarixi irsi;
- özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri;
- birmənalı olaraq muxtar respublikanın hər yerində - hətta ən ucqar dağ kəndlərində belə əlverişli infrastrukturun yaradılması.
Müasir dövrdə insanlarda dağlarda, ekoloji cəhətdən təmiz ərazilərdə dincəlməyə, kənd evlərində istirahət etməyə meyillilik artıb. Naxçıvan Muxtar Respublikasında turizmin bu növlərinin, yəni ekoloji, kənd, müalicə və ziyarət turizmi növlərinin inkişafı üçün böyük imkanlar vardır.
Naxçıvan Muxtar Respublikası müalicəvi iqlimi, şəfalı mineral suları, dərman bitkilərinin bolluğu ilə fərqlənir.
Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu bu bölgədə yerləşir. Bu günədək akademik Həsən Əliyev adına Ordubad Milli Parkına 8 istiqamət üzrə, muxtar respublikanın digər bölgələrinə 5 istiqamət üzrə turist marşurutları hazırlanmışdır. «Babaların tarixi zəfər və şəhadət yolu» beynəlxalq turist marşrutunun açılması sahəsində işlər yekunlaşmaq üzrədir.