Milli rəqslər

Rəqs sənətimizin tarixi zərb musiqi alətlərinin tarixindən xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir – birinə vuraraq, ahəngdar səs-sədaları altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli çox rəqs olmuşdur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə, oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək mümkündür. Həmin rəqslər öz xareoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır. 

         Ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir. Buradakı qaya rəsmləri Azərbaycan xalqının zəngin incəsənət irsimizlə yanaşı, musiqi və rəqs mədəniyyətinin inkişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir.  

         Yallı -  İbtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” – cərgədir, zəncir  xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə , bəzən də bir neçə cərgədə dururlar.  

         Ənənəvilik və adət formasını almış yallılar iki şəkildə - rəqs və oyun yallısı olmaqla zaman keçdikcə cilalanmış, yeni boyalarla zənginləşərək, yeni hərəkətləri özündə birləşdirərək bu günümüzə gəlib çatmışdır. 

         Yüzə qədər növü olan yallılardan bir qisminin yaranma məkanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağıdır. Əsrlərin qaynağından süzülüb gələn milli varlığımız sayılan yallılardan “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı” və s. bu qəbildəndir. 

         Zarı –zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. Indi çox az oynanılan “Zarı-zarı” rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur. 

         Haxışta -  “Ha xışla” ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən “Halay” rəqsində olduğu kimi üzbəüz dəstələr dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edir və bu hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə həmin sətirdən sonra uca səslə “Haxışta” deyirlər. Rəqsin musiqisi olmadığına görə ifaçı mətni “Meyxanada” olduğu kimi söyləyir.Rəqsi zərb alətləri (nağara, qoşanağara, dümbək) ilə müşayiət etmək olar. 

         Üç pəncə - Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında “üş pəncə” yallısını düzəldir,qurur. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda və onun əhatə etdiyi kəndlərdə “Üç pəncə” yallısı  maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs iki hissəlidir. Sakit və yeyin hissələrdən ibarətdir. 

         Arazı – Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı “Papuro” da adlanır. 

         Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin  səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri  tərəfindən maraqla ifa olunur.  

         El yallısı – (iki ayaq) – Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan “El yallısı” 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növüdür. Iştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri “El yallısı” sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. 

         Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən yüksək zövqlə ifa edilərək yaşadılır. 

         Şərur yallısı - Bu yallını ən çox cavanlar və uşaqlar ifa edirlər.6-8 ifaçıdan ibarət  olan yallı iki-orta və cəld hissələrdən ibarət olur. Rəqs zamanı əllərin vəziyyəti qəribə olur: bir nəfərdən bir iştirakçılar arxadan əl-ələ verirlər. I rəqqasın (yallıbaşının) sağ əlində dəsmal olur, sol əlilə arxadan III rəqqasın sağ əlini tutur. II rəqqas sağ əlilə I rəqqasın belindən, sol əli ilə isə arxadan IV rəqqasın sağ əlindən tutur. III rəqqas sağ əli ilə I rəqqasın sol əlini, sol əlilə isə V rəqqasın sağ əlini tutur. 

         “Şərur” yallısı əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarındakı folklor kollektivlərinin repertuarının əsasını təşkil edir. 

         Dördayaq – Azərbaycan xalq yallısının adı rəqsin əvvəlində  ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Bu yallı ən qədim yallılardan hesab olunur. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli- mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar  çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir. 

         Qatar məğamı -  Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır. 

         Turacı – Turacı rəqsinə dair Naxçıvanda belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulunun çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir. Bu mənzərəyə heyran qalmış xan ucadan deyir : - Sən lap turac kimi oynayırsan. O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqsi “Turacı” adlandırırlar. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərinə aid olan rəqsin adı Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış qızlardan ibarət folklor rəqs kollektivinə verilərək yaşadılır. 

         Rəngi – Ən qədim rəqslərdən sayılan “Rəngi” qadın rəqsində hərəkət genişliyi, rəqsin şənliyinin rəngarəngliyi ona xas olan səciyyəvi cəhətlərdəndir. Naxçıvanda bu rəqsi hələ də oynayırlar. 

         Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – “yar dönə,dönə,dönə”,- deyə sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan “Dönə yallı”da mahnını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan “Dönə yallı” Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.  

        Gülümeyi - Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan “Gülümeyi” oxuyanın “ay gülüm hey” kəlməsindən götürülüb. Bu qədim rəqsi əsasən  qızlar və cavan qadınlar müxtəlif şənliklərdə, xüsusən “Xınayaxdı” deyilən şənliklərdə ifa edirlər. Əsasən Şərur rayonunda  oynanılan , yallı növündə olan bu rəqsi “Xınayaxdı”  mərasimində gəlinin rəfiqələri və onun qadın qohumları oynayırlar. Adətən isə “Gülümeyi”ni (A gülüm hey) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub, oynayırlar. 5-10 nəfər dövrə vurub rəqs edirlər.  

         Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa hərəkət edə-edə, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi sona vururlar. 

         Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən  ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı,sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının  əllərindəki çubuq “Günahkarı” cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla “qazılana - qazılana” ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da  təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.  

         Köçəri – Azərbaycanda , xüsusən Naxçıvan Muxtar Respublikasında daha çox yayılmış yallı növlərindəndir. Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Eyni zamanda Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir. Asta və sürətli hissələrdən ibarət olan “Köçəri” rəqsi üç variantlıdır. Kişilərin və qadınların ya ardıcıl olaraq, ya da bir qadın, bir kişi vəziyyəti ilə düzülüşündə yallıbaşı əlinə  çubuq alır. Bu çubuq ifaçıları cəzalandırmaq üçün yox, əslində rəqs xarakterlidir.

         Qədim tarixə malik Naxçıvan diyarının Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivləri tərəfindən repertuara daxil edilərək nümayiş olunmaqla, toy şənliklərinə xüsusi rövnəq verir. 

         Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan “Urfanı”  iki variantlıdır. 

         Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.  

         Köçdü balaban – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna  və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. 

         Belə bir ana “Qazı -qazı” yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. “Köçdü balaban”  da isə rəqs belə başlanır. 

         Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər. 

         Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: 

Qaladan-qalaya,

Bir daş olaydım.

Gələnə-gedənə ,

Yoldaş olaydım. 

         Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır. 

         Üçayaq – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan və Şərur rayonlarında yaranmış “Tənzərə” rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir. 

         Çöpüdüm (çöpü-çöpü) – Üçayaq yallısının dəstələri üzbəüz dayanan məqamdan sonra musiqi sədası altında başlanan rəqsin oyun hissəsi “Çöpüdüm” adlanır. İki yallıbaşı üz-üzə durur. Bunlardan biri cibindən bir əşya çıxarıb qarşısında duranın ağzına qoyur.II yallıbaşı da bu hərəkəti cəld yerinə yetirməlidir. Əgər II yallıbaşıda həmin əşyadan yoxdusa, ona yoldaşları kömək edə bilərlər. Həmin əşya tapıldıqda II yallıbaşı öz növbəsində hər hansı bir hərəkəti edir (Uzanır, oturur, və s...) .Bu vaxt I yallıbaşı eyni hərəkəti etməlidir. Əgər lazım olan əşya  tapılmazsa və ya I yallıbaşı  eyni hərəkəti təkrar edə bilməsə, bu zaman əvvəlcədən hazırlanmış nazik çubuqla (uzunluğu 1-1,5m)  uduzan dəstənin bütün üzvlərini cəzalandırır. Uduzan dəstənin yallıbaşısının müqavimət göstərməyə ixtiyarı var, lakin vurmağa ixtiyarı yoxdur. Qalib gələn qrupun üzvləri şənlənir və rəqs edirlər. Məğlub  dəstənin üzvləri başlarını aşağı dikərək kədərli görünürlər. Qalib gələnlərdən biri dostcasına rəqibinin çiyninə vurur, ikincisi rəqibinə konfet verir, üçüncüsü rəqibinin belinə minir.Bununla Çöpüdüm rəqsi bitir. Ordubadın toy şənliklərində və bayram mərasimlərində bu xalq tərəfindən sevil-sevilə ifa olunur.                                                                      

         Asma-kəsmə - Bu rəqs ən qədim ənənəvi toy mərasimi rəqslərindəndir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur. Ona görə bu rəqsə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəy evinə gətirirlər. Gəlini köçürəndə musiqiçilər çalar, gəlini müşayiət edən qadınlar isə onun qarşısında oynayarlar. Rəqs mahnı ilə müşayiət olunur. Mahnını rəqs edənlər və tamaşaçılar oxuyurlar. Rəqsin tempi aramdır, bir qədər mübaliğəli, sıçrayışlı şəkildədir. 

         Asta Qarabağı – Adından göründüyü kimi bu rəqs Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda yaranıb, lakin respublikanın cənub rayonlarında, xüsusən Naxçıvan Muxtar Respublikasında və Şahbuzda geniş yayılıb. 

         Naxçıvanda bu rəqsə sadəcə olaraq “Qarabağı” deyirlər. Kəngərli rayonunun Xıncab kəndində bu rəqsi yalnız qoca kişilər və qadınlar oynayırlar. Rəqsin hərəkət düzümü sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Şahbuzda bu rəqsi yalnız ahıl qadınlar ifa edirlər. 

         Kəsmə - Naxçıvanda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir. 

         Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvanın yaxınlığındadır. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur. 

         “Tənzərə” Şərur rayonunun Çərçiboğan, Çomaxtur və başqa kəndlərində daha çox inkişaf tapan folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilərək müntəzəm rəqs edilən rəqs hərfi mənada “Qızılı tənbətən”  deməkdir. Qızıl bəzək-düzəkdən – boyunbağından, muncuqdan, sırğadan, üzükdən və başqa cəvahiratdan nəyi varsa hamısını taxıb oynayan qadınlar əsasən gözəllik və parlaqlığı ifadə edirlər. 

         Azərbaycan xalqının qədim rəqslərindən sayılan “Tənzərə”nin adı da məhz buradan götürülmüşdür. “Tənzərə” – yarı zər, yarı bəzək-düzək deməkdir. Babək rayonunun Vayxır kənd mədəniyyət evində  fəaliyyət göstərən folklor rəqs kollektivlərinin repertuarında  özünə yer alan iki  hissəli rəqsi ifaçılar çeçələ barmaqları ilə birləşərək ifa edirlər. Üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur, üç kiçik addım geriyə hərəkət etməklə ikinci hissədə bir az iti templə birinci hissədən hərəkətlərini təkrar edirlər. 

         “Tello” kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır. 

         Uzundərə Şərur rayonunda uzaq keçmişdə cəld templi oyun yallısı olub. Onu bir cərgəsi kişilərdən, digər cərgəsi isə qadınlardan ibarət iki cərgə oynayıb. Kişilərin yallıbaşısı əlində balaca çubuq, qadınların yallıbaşısı isə cib dəsmalı gəzdirərdi. Hər iki qrupun rəqsindən sonra qadınların yallıbaşısı ilə “vuruşmağa” , bir növ məzhəkə tərzində döyüşə başlardı. Bu gün muxtar respublikamızın Şərur, Culfa, Ordubad rayonlarında yaşadılan “Uzundərə” rəqsi Babək rayonunun Kültəpə kənd mədəniyyət evinin folklor rəqs kollektivinin repertuarına daxil edilərək yaşadılmaqdadır. 

         Gopu- Yaz vaxtı durnaların  gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. 

         Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir.  

         Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin  repertuarına daxil edilməklə ifa olunmaqdadır..