İQTİSADİYYAT

Naxçıvan 5000 illik tarixi ilə şərq sivilizasiyasının beşiyi, şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biridir. 

Tarixi mənbələrə görə XVIII əsrdə Naxçıvanda əsasən dəriçilik, papaqçılıq, çəkməçilik, dəmirçilik, miskərlik, toxuculuq, ipəkçilik və sair peşə və sənətkarlıq sahələri mövcud olmuş və inkişaf etmişdir. XIX əsrdə Naxçıvan və Ordubad şəhərləri diyarın ticarət və sənətkarlıq mərkəzləri olmuş, burada iqtisadiyyatın əsas sahələrini pambıqçılıq və ipəkçilik təşkil etmişdir. Istehsal olunan pambıq və bez parçalar Nijni-Novqoroda, Tiflisə, Moskvaya, Türkiyəyə, mədəni üsullarla işlənilən ipək parçalar isə Təbrizə ixrac edilmişdir.

Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. XX əsrin ikinci yarısından başlayaraq muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir.

Naxçıvan Muxtar Respublikası inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır.

XX əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Naxçıvan Muxtar Respublikası ətraf aləmdən tamamilə təcrid olunmuşdur. 17 ildən artıq bir dövr ərzində blokada şəraitində yaşayan muxtar respublikanın iqtisadi həyatında müşahidə olunan tənəzzül həyata keçirilən proqram xarakterli sistemli tədbirlər nəticəsində qısa müddətdən sonra iqtisadi tərəqqi ilə əvəzlənmişdir. Bu gün muxtar respublika iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan Respublikasının regionları arasında ilk yerlərdən birini tutur.

Sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalı 2013-cü ildə 1995-ci illə müqayisədə 53.5 dəfə artaraq 2 milyard 339 milyon manatdan cox olmuşdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 1995-ci illə müqayisədə 5291.1 manat artaraq 5423 manat təşkil etmişdir.

1 yanvar 1996-cı ildən 1 yanvar 2014-cü il tarixədək muxtar respublikada 708 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

Azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölmənin payı artaraq 87.2 faizə çatmışdır.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ilin oktyabr ayından başlayaraq 2013-cü ilin sonunadək muxtar respublikada 59369 yeni iş yeri açılmışdır ki, onun da 42890-ı və ya 72,2 faizi daimi iş yerləridir.

2013-cü ildə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən 40-dan çox xarici dövlətlə aparılan ticarət əməliyyatları nəticəsində 511 milyon 989 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır.