Musiqi

   Dövründən asılı olmayaraq heç bir insanı,  xalqı, ərazini musiqisiz təsəvvür etmək mümkün deyil.Bu baxımdan demək olar ki, Naxçıvan musiqi mədəniyyəti, Naxçıvanın tarixi qədər qədimdir.Naxçıvan diyarında ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi yanaşı şəkildə yayılmışdır.

         Azərbaycan torpağının gözəl bir guşəsi olan Naxçıvan diyarının da təbiətinə bənzər musiqi sənəti, sənətkarları olub. Yalnız musiqisi, musiqisevərləri olan xalqın nümayəndələri Möminə xatın türbəsi (Naxçıvan), Quti xatın türbəsi (Qarabağlar) kimi əzəmətli, gözəl daşlaşmış «musiqi abidələrini» yaratmağa qadir ola bilərlər. 

         Ümumiyyətlə Naxçıvan musiqi mədəniyyəti heç bir dövrdə ictimai inkişafdan geri qalmamışdır.Naxçıvan musiqi mədəniyyətinin inkişafı bir çox xalqların musiqi mədəniyyəti kimi məişət musiqisi, xalq şənlikləri və saray musiqisi ilə bağlı olmuşdur. 

         Bir neçə min il yaşı olan klassik kollektiv rəqslər- yallının beşiyi Naxçıvanın Şərur düzü hesab edilir.Bu bölgəyə məxsus 100-dən artıq yallı növü var.Onlardan 20-i indi də ifa edilir. 

         Naxçıvan torpağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əməyi olan musiqiçilər yetişdirmişdir. 

         XVIII əsrdə zəmanəsinin məşhur musiqiçisi olan Muradağa Naxçıvanlı, məşhur aşıq Ağ Aşıq Allahverdi Kosacanlı Naxçıvan torpağının yetişdirmələridir. Ağ Aşığın yaratdığı «Koroğlu», «Misri» «Şərili» saz havaları bu gün də yaşayır. Naxçıvan xanlığının bir bölgəsi olan Dərələyəz bölgəsində dünyaya gələrək XIX əsrdə  Naxçıvanda yaşamış Aşıq Cəlil öz yaradıcılıq üslubu ilə şöhrət tapan ustadlardan olub.Aşıq Cəlilin yaratdığı saz havaları məşhurdur.Aşıq sənəti Naxçıvanın  Şərur və Şahbuz bölgələrində daha çox yayılmışdı.Naxçıvan şəhəri və Ordubadda isə daha çox muğam üçlüklərinə , mahnı ifaçılığına  maraq olub.Bu diyarda yaradılmış və Naxçıvanı vəsf edən onlarca musiqi əsərləri zamanın süzgəcindən keçərək bu gün də öz təravətini itirməyib. 

         Naxçıvan musiqiçilərinin bir qismi xalq şənliklərində püxtələşmiş,

Azərbaycan xalq musiqisinin sirlərinə dərindən yiyələnmiş, xalq musiqisinin biliciləri kimi şöhrət taparaq öz bilik və bacarıqlarını yeni nəslə çatdırmışlar.Belə musiqiçilərin əməyinin bəhrəsidir ki, bu gün də qədim xalq mahnı və rəqsləri unudulmayıb. 

         Naxçıvan Muxtar Respublikasında musiqi mədəniyyəti  bu gün daha da inkişaf edib.Naxçıvan şəhərində və rayonlarda mahnı və rəqs kollektivləri fəaliyyət göstərir.Naxçıvan torpağının yetirmələri olan bəstəkar və müğənnilərin Azərbaycan musiqi mədəniyyətində öz sözü və öz yeri var. 

         Naxçıvanda tar, kaman, nağara, ney, balaban, saz və s. milli musiqi alətləri ilə yanaşı tulum, yan tütəyi kimi az yayılmış musiqi alətlərindən də istifadə edilir.