Tarixi

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

«Naxçıvan» sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə «Naxçıvan» «Nəqşi -cahan», yəni «dünyanın naxışı», «dünyanın bəzəyi» sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə «Naxçıvan» toponimi Nuh peyğəmbərlə, daha doğrusu «dünya tufanı» ilə bağlı olub «Nuhçuvan» - «Nuh tərəfdarlarının məskəni», «Nuhun diyarı» deməkdir. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir.

Naxçıvan sözü «Nakçuana/Naxçuan» - «möcüzəli və yaxşı sular diyarı», yaxud «müalicəvi mineral sular ölkəsi» kimi də izah olunur.

Naxçıvan dünyanın ən qədim şəhər məskənlərindən biridir. Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu haqda məlumat vermişdir. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı vardır.

Midiya dövləti dövründə E. ə. IX-VI əsrlərdə Naxçıvan tanınmış şəhərlərdən biri idi. E. ə. 633-cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi. E. ə. VI əsrin ortalarından (e. ə. 550-cii ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinədək Əhəmənilər dövlətinin hakimiyyəti altında olan Naxçıvan IV əsrin sonlarından e. ə. I əsrin 1-ci yarısınadək Atropatenanın (Kiçik Midiyanın) tərkibində olmuşdur. Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. Eramızın əvvəllərində Naxçıvan Albaniyada (Qafqaz) şəhər və vilayət olmuşdur. Qafqaz Albaniyasının Araksena (Arazın orta və aşağı axarı boyunda yerləşirdi) vilayəti Naxçıvan ərazisini də əhatə edirdi. Naxçıvan IV əsrdən Sasani dövlətinin tərkibində olmuşdur. Sasani hökmdarı II Şapur [309–379] yürüşü zamanı (364–367 illər) Naxçıvanı dağıtmış, şəhərdən 18 min ailə əsir aparmışdı. Bəzi vaxtlardaAlbaniya Sasanilərin nüfuz dairəsində olduğuna görə Naxçıvan da Sasani canişinləri–mərzbanlar tərəfindən idarə edilmiş, Sasani mərzbanlarının iqamətgahı Dəbildən (Dvin) Naxçıvana köçürülmüşdür. Naxçıvan Sasani hökmdarlarının hərbi strateji mövqelərindən birinə çevrilmişdi. Burada Sasani qoşun dəstələri saxlanırdı. Böyük Ipək Yolu üzərində yerləşən və buna görə də mühüm ticarət və sənətkarlıq mərkəzi hesab olunan Naxçıvan Iran və Gürcüstanla, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqəsi saxlayırdı. VI əsrin 1-ci yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana olmuşdur. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri sayılır.

VII-VIII əsrlərdə başqa Azərbaycan torpaqları kimi Naxçıvan da ərəblər tərəfindən işğal edildi. 654-cü ildə Naxçıvanı tutan ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac verməyi öhdəsinə aldı. 656-cı ildə Naxçıvan qala divarları ətrafında ərəb və Bizans qoşunları arasında güclü döyüş baş verdi. Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb xilafətinin Azərbaycanda hərbi və inzibati mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahı idi. IX əsrdə Xilafət əleyhinə yüksələn Xürrəmi-babəkilər hərəkatı Naxçıvanı da bürümüşdü. Ərəb xilafəti zəiflədikdən sonra Azərbaycan ərazisində Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər sülalələrinin və Şəki hakimlərinin idarə etdikləri müstəqil dövlətlər meydana gəldi.

 IX əsrin sonlarında Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30-cu illərinədək onun hakimiyyətində qaldı. Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən Deysəm ibn Ibrahimin [932–937] ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil oldu. Naxçıvan şəhəri X əsrin 80-ci illərindən etibarən “Naxçıvanşahlıq” adlanan feodallığın paytaxtı olmuş, X əsrin sonundan başlayaraq təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibinə daxil edilmişdir. Səlcuq sultanı Alp Arslan [1063–72] Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvanda özünə iqamətgah tikdirmişdi. Səlcuqların Azərbaycan üzrə canişinliyi Naxçıvanda yerləşirdi. Böyük Səlcuq Imperiyasının süqutundan sonra Azərbaycan ərazisində Şəmsəddin Eldəniz (1136-1175) tərəfindən əsası qoyulan Azərbaycan Atəbəylər - Eldənizlər dövləti (1136-1225) yarandı. Bu zaman Naxçıvan Atabəylər dövlətinin paytaxtına çevrildi. Atabəyələr dövlətinin xəzinəsi Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında saxlanırdı. Azərbaycan hökmdarı Məhəmməd Cahan Pəhləvanın dövründə (1175-1186) Qızıl Arslan, onun ölümündən sonra isə arvadı Zahidə Xatın Naxçıvan hakimi olmuşlar. Atabəylər - Eldənizlər dövründə Naxçıvan Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdı.

XIII-XIV əsrlərdə Naxçıvan Azərbaycanda və ümumiyyətlə, Şərqdə gedən siyasi-iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrildi. Hülakilərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan Naxçıvan onların siyasi həyatında yaxından iştirak edirdi. Şəhər həmin dövlətlərin təyin etdikləri nümayəndələr tərəfindən idarə olunurdu. Naxçıvan 1221-ci ildə monqollar tərəfindən dağıdıldı. Şəhər qarət və talan edildi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnı Naxçıvanı tutdu. Burada onun əleyhinə üsyan baş verdi. XIII əsrin 30-cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257-ci ildən isə Hülakilər dövlətinin tərkibinə qatıldı. 1253-ci ildə Naxçıvanda olmuş flamand səyyahı Vilhelm de-Rubruk Naxçıvanı təsvir edərək yazırdı ki, monqollar şəhəri dağıdaraq boş səhraya çevirdilər. XIII əsrdə Naxçıvanın 5/6 hissəsi tamamilə dağıdılmışdı. XIII əsrin sonlarında Naxçıvan Elxani hökmdarı Qazan xanın hakimiyyətindəki şəhərlər sırasına daxil oldu. Qazan xanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar, Azərbaycanın başqa şəhərləri kimi, Naxçıvanın da yenidən bərpa olunub dirçəlməsinə imkan yaratdı. 

Naxçıvan XIV əsrin 50-ci illərindən çobani, cuci, cəlairi və müzəffərilərin hakimiyyəti altında olmuşdur. 1386-cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdı; 1387-ci ildə Naxçıvanı Teymurləngin qoşunları ələ keçirdilər. Əlincəqalada Teymur qoşunlarına 14 il (1387–1401) inadlı müqavimət göstərilmişdir. Naxçıvanda hürufilik təriqəti geniş intişar tapmışdı. Həmin təriqətin banisi Fəzlullah Nəimi 1394-cü ildə Miranşah tərəfindən Naxçıvanda edam olunmuşdur. Naxçıvan 1412-ci ildən Azərbaycan türk mənşəli Qaraqoyunlu, 1468-ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə Naxçıvan Azərbaycan Səfəvi dövlətinin aparıcı şəhərlərindən biri idi. XVI-XVII əsrlərdə Osmanlı–Səfəvi müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635 ) zamanı Naxçıvan dəfələrlə əldən-ələ keçərək dağıdılmış, qarət edilmişdir. 1603-cü ildə I Şah Abbas Naxçıvanı hərbi düşərgəyə çevirmiş, onun idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olunmuşdur. 1605-ci ildə Naxçıvan ərazisi Osmanlı imperiyasına qatılmışdır.

Naxçıvan XVI əsrdə Azərbaycan, XVII əsrin 2-ci yarısından Çuxursəd bəylərbəyiliklərinə daxil idi. XVI-XVII əsrlərdə Naxçıvan hakimləri Kəngərli tayfa başçılarından təyin olunurdu. XVIII əsrin əvvəllərində şəhər Nadir şahın qoşunları tərəfindən tutulmuşdur. Nadir şah öldürüldükdən (1747) sonra Kəngərli tayfa başçısı Heydərqulu xan şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu. 1826–28-ci illər Rusiya–Iran müharibəsi zamanı Naxçıvan rus qoşunları tərəfindən işğal olunmuş (1827-ci il, 27 iyun), Türkmənçay müqaviləsinə (1828) əsasən, Rusiyaya ilhaq edilmişdir. Işğaldan sonra Naxçıvan vilayətinin (1828–40), sonra isə Naxçıvan qəzasının mərkəzi olmuşdur.

1841-ci ildə Naxçıvan qəza mərkəzinə çevrildi. Çarizmin həyata keçirdiyi şəhər islahatı (1870) Azərbaycanda (Bakı, Gəncə, Nuxa, Şuşa, Naxçıvan və Ordubad) da tətbiq olunmuşdur.

1917-ci ilin sonlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrildi, nizami daşnak silahlı dəstələri Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu. 1918-ci il mayın 26–28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə divan tutmağa başladı. O, Ingiltərə və ABŞ-ın hakim dairələri tərəfindən müdafiə olunurdu. Ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti və türk əsgərlərinin bölgəyə daxil olması onların bu məkrli niyyətlərini həyata keçirmələrinə imkan vermədi. Mudros barışığına (1918) əsasən, türk qoşunları bölgədən çıxarıldıqdan sonra, noyabrda erməni-daşnak quldurlarından qorunmaq məqsədilə Araz-Türk Respublikası yaradıldı. Naxçıvan şəhəri onun mərkəzi elan olundu. 1919-cu ilin əvvəllərində Naxçıvanı tutan ingilislər Araz-Türk Respublikasını tanımaqdan imtina etdilər. Daşnaklar iyulda ingilislərin yardımı ilə Naxçıvanı tutsalar da, ingilislərin Naxçıvanı tərk etməsilə Naxçıvan Milli Komitəsinin hərbi hissələri erməni-daşnak qüvvələrini qovmağa nail oldu. Naxçıvanlılar bölgənin Azərbaycanın tərkibində qalmasının təmin edilməsində mühüm rol oynadılar.

1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR hökuməti də Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi.

1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi Icraiyyəti Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, Itqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MIK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması, Sovetlər Birliyi hökumətinin Azərbaycan xalqına qarşı yeritdiyi xəyanətkarlığın daha bir ifadəsi idi.

Naxçıvan Muxtar Respublikası yaradıldıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin 5988 km2 –ni əhatə edirdi. 1929-1930-cu illərdə və sonra muxtar respublikanın ərazisinin bir hissəsi Kreml rejimi tərəfindən ermənilərə verildi. Nəticədə Naxçıvan Muxtar Respublikasının ərazisi 5365 km2-ə qədər azaldıldı.

Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990–93-cü illərdə ümummilli lider Heydər Əliyevin siyasi təqib üzündən burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Muxtar respublikanın əhalisi müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, vətənimizin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin ön sıralarında getmişdir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü. 1992-ci ilin noyabrında Azərbaycanın ən görkəmli ziyalıları, elm və sənət adamları, siyasi xadimləri Naxçıvana üz tutdular. Naxçıvan şəhərində Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. 1993-cü ilin yayına doğru Naxçıvan bütün ölkənin milli-demokratik hərəkatının mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin hakim olduğu bir bölgə idi. Naxçıvanlılar 1993–95-ci illərin dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında, ölkədə sabitliyin və birliyin bərqərar olmasında fəallıq göstərmişlər.

XX əsrin 90-cı illərinin əvvəlində SSRI-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını açıq silahlı təcavüz yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan diyarı çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçdi və erməni quldur dəstələri Naxçıvanın Sədərək rayonunun Kərki kəndini işğal etdilər. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvan Muxtar Respublikasının taleyüklü problemlərinə laqeyd münasibəti, biganə yanaşması vəziyyəti daha da çətinləşdirdi. 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin (AXC) iqtidara gəlməsi də vəziyyəti dəyişmədi. Rusiya və Ermənistanın hərbi-iqtisadi blokadaya aldığı Naxçıvanı Azərbaycan Xalq Cəbhəsi iqtidarı da siyasi blokadaya almışdı. Belə ağır və iqtisadi çətinliklər şəraitində Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim torpağını erməni işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Naxçıvan Muxtar Respublikasının Ermənistan təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti, onun bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər irəli sürərək qərarlar qəbul etməsi Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir. O zaman muxtar respublika rəhbərliyinin milli istiqlaliyyət yollarında atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi. 1990-cı ilin noyabr ayının 17-də keçirilmiş Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə "Sovet", "Sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı, Ali Sovetin adının dəyişdirilib, Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının da bayrağı kimi qəbul olundu. Ali Məclis eyni addımın Azərbaycan Respublikasında da atılması barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Elə həmin vaxtdan Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə 1990-cı il 19–20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi. Muxtar respublika ərazisində Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRI-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan olunması barədə mühüm qərarlar qəbul olundu.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilmişdir.

Yeni Konstitusiya əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmış, 1998-ci il aprelin 28-də muxtar respublikanın Ali Məclisində qəbul edilərək, həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənmişdir.

Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, son on altı ildə isə muxtar respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə daha da mətinləşdir-mişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.

Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur.